“Ümid edirəm ki, Lüis Hemilton məğlub olacaq” - FOTOREPORTAJ

Turistlər niyə Azərbaycan Qran-prisini seçiblər?

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi mütəxəssislərlə yanaşı, azarkeşlərin də  böyük marağını cəlb edib. Yarışın bütün biletləri Qran-pridən bir neçə gün öncə tamamilə satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti maraqlı yarışla bərarbər, ölkəyə gələn qonaqlar və yerli azarkeşlərin rahatlığı, istirahətləri üçün müxtəlif tədbirlər, konsertlər və əyləncə zonası təşkil edib.

AutoCity.az-ın əməkdaşı turistlərlə söhbət edərək, onların yarış haqqında fikirlərini öyrənib...

"İlk canlı izlədiyim Qran-pri Bakı yarışı oldu"

Uşaqlıqdan "Formula 1" yarışlarını izlədiyini bildirən rusiyalı turist Vasili Mazanov bu yarışa ilk dəfə Azərbaycanda canlı baxmağa qərar verib: “Nəhayət, qərara gəldim ki, yarışı trek ətrafından canlı izləyim. Bunun üçün isə Azərbaycan Qran-prisini seçdim. Azərbaycana ilk dəfədir gəlirəm. Rusiyada Soçidə də "Formula 1" yarışı keçirilir. Lakin orada tras çox uzun və dardır, ötmələr olmur. Ona görə Rusiyada "Formula 1" darıxdırıcıdır. Azərbaycanda isə şəhər trekidir və ötmələr çox olur. Burada istənilən kiçik səhv qəza ilə nəticələnə bilər. Əvvəllər gələnlər Bakıda möhtəşəm yarışın keçirildiyini və hər şeyin əla olduğunu bildiriblər. Ona görə də ilk canlı izlədiyim "Formula 1" yarışı Azərbaycan Qran-prisi oldu”.

"Azərbaycanda "Formula 1" yarışlarında çox maraqlı məqamlar olur"

Finlandiyalı turist Ramin Avtosaloma isə şəhər trekində yarış izləməyi xoşladığını qeyd edib: “Mən ikinci dəfədir Bakıya gəlirəm. Şəhər traslarında keçirilən "Formula 1" yarışlarını xoşlayıram. Azərbaycanda isə "Formula 1" yarışlarında çox maraqlı məqamlar olur. Fasilə vaxtlarında əyləncə zonalarında istirahət edirəm. Burada olmaqdan məmnunam”.

"Bakıya gəlmək düzgün qərardır"

Azərbaycana həyat yoldaşı ilə gələn cənubi afrikalı turist Yubet Marabi isə qərarının düzgün olduğunu vurğulayıb: “Bakıya ailəmlə gəlmişəm. Burada ilk dəfədir oluruq. "Formula 1" yarışlarına baxmaq bizə zövq verir. Burada şəhər yarışı olduğuna görə mübarizə çox maraqlı keçir. Bakıda gəzmək bizdə çox gözəl təəssüratlar yaradır”.

“İstəyirəm ki, “Ferrari” pilotları podiumda olsunlar"

Yubet Marabinin həyat yoldaşı Neon Marabi isə “Ferrari” azarkeşi olduğunu bildirib: “İstəyirəm ki, “Ferrari” pilotları podiumda olsunlar. Ümid edirəm ki, burada “Mercedes”in pilotu Lüis Hemilton məğlub olacaq. Şəhər trekindəki yarışlar mənim üçün həmişə çox maraqlı olur”.

O, Azərbaycanda gördüklərindən məmnunluğunu ifadə edib. Turist burada hər kəsin onlara qayğı ilə yanaşdığını bildirib.

"Bakıda keçirilən yarışları hər zaman maraqla izləyirəm"

Bakıda çox yaxşı istirahət etdiyini deyən ingiltərəli turist Ceni Sleksmet isə Azərbaycan paytaxtında ikinci dəfədir "Formula 1" yarışlarını izləyir: “Ötən il də Azərbaycan Qran-prisində olmuşam. Burada keçirilən yarışları hər zaman maraqla izləyirəm. Ötənilki Qran-pri çox maraqlı keçdi”.

Sleksmet Azərbaycan yeməklərindən xüsusi zövq aldığını vurğulayıb: “Bakıda gəzmək imkanım olub. Azərbaycanın çox dadlı yeməkləri var. Sac içi və qutabın dadına baxmışam və çox bəyənmişəm. Gələn il də buraya gələcəyəm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi dünyanın ən yaxşı Qran-priləri sırasındadır.  2017-ci ildə Bakıda baş tutmuş "Formula 1" yarışı dünyanın aparıcı KİV-lərinin sorğularında avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib.

2018-ci il Azərbaycan Qran-prisi isə İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən ilin ən yaxşı yarışı seçilib.

RƏY BİLDİRİN