“Formula 1” avtomobilindən gündəlik yararlanmaq olarmı? 

Milliyətindən, yaşadığı ölkədən və ya təhsildən asılı olmayaraq əksər insanlar yüksək sürəti sevir. Ən səbrli adam da təyinat yerinə tez çatmaqda maraqlıdır. Elə isə nə üçün bu avtomobillrədən gündəlik həyatda istifadəyə heç kim maraq göstərmir?

Qanun nə deyir?
Yol hərəkətinə dair beynəlxalq konvensiyalar və yerli qanunvericiliklər (istər bizdə, istərsə də dünyada) ümumi yollarda hərəkət edən bütün motorlu nəqliyyat vasitələrinin işıq cihazlarının olmasını tələb edir. İşıq cihazları olmayan və ya nasaz olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. F1 avtomobillərinin isə ümumiyyətlə faraları olmur. Reqlamentə görə bütün yarışlar gün batanadək başa çatmalı, süni işıqlandırmadan istifadə edilməməlidir. 

Digər məsələ avtomobilin işə hazırlanması ilə bağlıdır. Adətən, hər komandada avtomobilə xidmət üçün 50-60 texniki işçi ayrılır. Avtomobilin yarışa hazırlanması təxminə 1 saat çəkir. Əvvəlcə mühərrikə və sürət qutusuna 80 dərəcə temperaturda yağ, radiatora isə qaynar antifriz tökülür (bu mühərriklərdə termostat olmur). 

Mühərrikin işçi temperaturu 140 dərəcə olduğu üçün soyuq mühərriki işə salmaq qeyri-mümkündür. Standart avtomobildən fərqli olaraq F1 bolidinin tormoz sistemi yalnız qızğın şəkildə səmərəlidir. Təkərlər isə starta qədər isti çexollarda saxlanılır ki, burada da temperatur 80 dərəcədən az olmur. Məqsəd təkərin yolla kontaktını yaxşılaşdırmaqdır. 

Yanacaq sərfi həm 100 km. üçün təxminən 75 litrdir. 1,6 litr həcmli mühərrik üçün bunun nə olduğunu hörmətli oxucu çox gözəl başa düşür. Yarış zamanı avtomobilin qət etdiyi hər 1 km üçün istismar xərci təxminən 500 dollardır. 

Bizcə, daha kiçik təfərrüatları sadalamağa ehtiyac yoxdur.

Vüqar Yaşaroğlu

RƏY BİLDİRİN