“Sovtrans”dan “TIR”a və ya 50 illik xəta  - FOTOLAR

Vüqar YAŞAROĞLU

5-6 il əvvələ qədər şəhərdəki əksər mikroavtobuslar ya “marşrutka”, ya da RAF adlandırılırdı. Markasından və modelindən asılı olmayaraq. Bu, təkcə Azərbaycana xas olan hal deyildi. Bizdə bütün surətçıxaran maşınlara “kseroks” deyildiyi halda, monqollar “kanon” deyir. Səbəbi də məlumdur: keçmiş SSRİ-ni ilk dəfə surətçıxaran maşınlarla 1985-ci ildə “Xerox” firması təchiz etmişdi. Monqolustan Sosialist Respublikası isə “Canon”u seçdi. Bu fenomenin adı dilçilikdə metonimiya adlanır. Metafora da buna oxşardır. 

Qayıdaq avtomobil mövzusuna. Xəbər saytlarında “TIR qəza törətdi”, “TIR aşdı” tipli cümlələrin sayı-hesabı yoxdur. Bəs bu “TIR” nədir?

Bəri başdan qeyd edək ki, bu abbreviatura dilimizdə türk dilinin təsiri ilə [tır] kimi tələffüz edilir. Halbuki, bu terminin türk dilinə heç bir aidiyyatı yoxdur. 1975-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq yükdaşımalara dair gömrük Konvensiyası imzalanır. Azərbaycan bu sənədi 12 dekabr 2000-ci ildə ratifikasiya edib. 

Konvensiyaya görə, beynəlxalq yükdaşımada iştirak edən “Hər bir yol nəqliyyat vasitəsinə və ya konteynerə bir ədəd BYD kitabçası yazılır”, “Nəqliyyat vasitəsinin qabaq hissəsinə “TİR” yazısı olan düzbucaqlı lövhəcik bərkidilir, digər bu cür lövhəcik nəqliyyat vasitəsinin arxasında bərkidilir...” 

TIR termini (transit international routier və ya transport international routier, yaxud régime TIR) fransız mənşəli olub “beynəlxalq yükdaşımalar” mənasını verir. Azərbaycan dilində bu ixtisar [tır] deyil, [tir] kimi oxunmalıdır. 

Bəs elə isə bu tip nəqliyyat vasitələrinə nə ad verilməlidir?

Tarixə qayıdaq. Rus dilindəki “седельный тягач” tipli avtomobillərə vaxtilə xalq arasında “Sovtrans” deyirdilər (beynəlxalq yükdaşımada iştirak edən sovet şirkəti “Sovtransavto”nun adı ilə). Azərbaycan dilində bu termin “yedəkçi avtomobil” və “yəhərli avtoqatar” kimi tərcümə olunur. Bizcə, tərcümə uğurlu alınıb. Qalıb termini istifadə edərək geniş kütləyə tanıtmaq. Bu da jurnalıistlərin üzərinə düşür.
 
“İsveçdə yəhərli avtoqatarların icazə verilən maksimum kütləsi 60 tondur”. Necə cümlədir?

Şəkildə: Bolqar yük avtomobili Macarıstanda, 1978-ci il. Polis avtomobilini də yəqin hamı tanıyır.

  • “Sovtrans”dan “TIR”a və ya 50 illik xəta - FOTOLAR
  • “Sovtrans”dan “TIR”a və ya 50 illik xəta - FOTOLAR

RƏY BİLDİRİN