Şumaxeri ağlar qoyan Senna: “İkinci olan - ilk məğlub olandır"

“Heç bir şey məni Tanrı sevgisindən ayıra bilməz. Yarışlar, rəqiblərlə mübarizə qanımdadır, bir parçamdır. Bir gün həyatımı itirəcəyim qəza olarsa, tək istəyim hər şeyin bir anda olub bitməsidir".

Bu cümlələr Formula 1-in gördüyü ən bacarıqlı və əfsanəvi pilot, braziliyalı Ayrton Senna Da Silvaya aiddir. Ayrton Senna 1994-cü ildə 2 il arzusunda olduğu "Williams" komandasına qoşuldu. 1992 və 1993-cü illərdə çempion olan "Williams" komandası demək olar ki, ən sürətli bolidə sahib idi. 1994-cü il mövsümü başladıqda elektronik sabitləyici sistemlərə qoyulan qadağalar və aktiv asqı (suspansion) sistemindən passiv asqı sisteminə keçilməsinə rəğmən, bolidin əvvəlki kimi çox sürətli olması onu təhlükəli edirdi. Çünki Senna yoxlamalar zamanı boliddə idarəetmə problemləri, həmçinin ön tərəfdən başlayaraq, arxaya doğru istiqamətlənən titrəmələr olduğunu komandanın mühəndislərinə bildirdi. Bunların üzərində müəyyən işlər aparılsa da, problemlər həll olunmadı.

1994-cü il mayın 1-də keçirilmiş San Marino qran-prisində Senna qəzaya uğradı. Senna 306 km/saat sürətlə gedərkən idarəetməni itirərək yoldan çıxdı. Son anda əyləci sıxıb sükanı döndərməsinə baxmayaraq, düz gedərək 218 km/s sürətlə beton divara çırpıldı və hər şey elə bir anda olub bitdi. Asqı milinin dəbilqəni deşərək başına batması və çırpılma zamanı zərbənin çox güclü olması Senanın 34 yaşında ölümünə səbəb oldu.
 
Qəza səbəbi kimi bəzən Sennanın öz səhvinin olması, bəzən də sükanın milinin qırılması deyilir. Həmin vaxt Sennanın idarə etdiyi bolidin baş dizayneri olan Eydrien Nivey illər sonra verdiyi müsahibədə özünü qismən də olsa, günahkar hesab edib. Onun sözlərinə görə, 1994-cü ildə aktiv asqı sistemindən passiv asqı sisteminə keçdikdən sonra bolidin aerodinamikasında problemlər yaranmağa başlayıb və bolidi dizayn edərkən xətalara yol verib. Bu da Sennanın bolidi idarəetməsini çox çətinləşdirib.

Həmin Qran-pridə ölən təkcə Senna deyildi. Ondan bir gün qabaq sıralama yarışlarında yüksək sürətlə beton divara çırpılan avstriyalı gənc pilot Rolan Ratsenberger də aldığı zərbədən yerindəcə dünyasını dəyişmişdi. Bir gün sonra Senna qəzaya uğradıqda isə onun üzərindən kiçik Avstriya bayrağı tapıldı. Hər kəs düşünürdü ki, Senna yarışı birinci bitirsəydi, qalibiyyəti Ratsenbergerə həsr edəcəkdi və bayrağı da buna görə götürüb.

Həmin Qran-pri zamanı Senna ilə birgə Ratsenbergerin ölümü və başqa bir pilotun ölümdən son anda qurtularaq ağır yaralanması ilə "Formula 1"in təhlükəsizlik tədbirlərində sanki təkamül baş verdi. Bolidlərdə təhlükəsizlik tədbirləri artırıldı, motorların gücünə və sürətlərinə müəyyən limitlər qoyuldu, yarışların keçirildiyi yollarda təhlükəsizlik üçün qoyulan rezin təkərlər və digər vasitələr daha yaxşı yerləşdirildi. Bunun nəticəsi kimi 1994-cü ildən indiyədək 25 il ərzində sadəcə bir dəfə "Formula 1"də ölüm hadisəsi baş verib. İnsan buna sevinsinmi, yoxsa kədərlənsin mi bilmir. Çünki əvvəlcədən bu tədbirlər görülsəydi, bəlkə də Senna və Ratsenberger bu gün aramızda olardı.
 
Ölümündən 25 il keçməsinə baxmayaraq Senna haqqında hələ də danışılır və sevilir. Senna yarış zamanı qorxusuz, limitləri aşan, cəsarətli və hətta birinci olmaq üçün qəzadan da qorxmayan çox güclü və təcrübəli pilot idi. Senna həmişə belə deyirdi: "İkinci olan ilk məğlub olandır". 

Senna birincilik üçün daim risk və bolidi limitlərindən daha yuxarı səviyyədə idarə edirdi. Yağışlı havalarda yarışmaq digər pilotlar üçün çətin olsa da, Sennada bu, əksinə idi. Yağışlı havalarda bolidi çox yaxşı idarə etdiyi və uğurlar qazandığı üçün ona “yağış adam" ("rain man") deyirdilər. Senna 3 dəfə (1988, 1990, 1991) "Formula 1" üzrə dünya çempionu olub. O, həmçinin vətəni Braziliyada çox sevilirdi. Çünki "Formula 1"dən qazandığı pullarla ölkəsində ac və yoxsul ailələrə, onların uşaqlarının təhsilinə və gənclərə kömək edirdi. 

Senna vəfat etdikdə Braziliyada 3 gün milli matəm elan edildi. Yüz minlərlə insan küçələrə axışıb onu son mənzilə yola saldı. 1994-cü ildə futbol üzrə dünya çempionu olan Brazilya milli komandası bu nailiyyəti Sennaya həsr etdi. Mərhum pilotun sağ ikən bacısı ilə danışıb razılaşdırdığı “Senna xeyriyyə fondu” o, vəfat etməzdən öncə demək olar ki, hazır idi. Həmin fond indi də fəaliyyət göstərərək yardımlar edir. 

Əzəli rəqibi Alan Prost verdiyi müsahibədə “Senna vəfat etdikdə sanki bir hissəmi itirdim. Onunla əzəli rəqiblər olsaq da, münasibətlərimiz zaman-zaman pozulsa da, sonradan çox yaxşılaşmışdı. Peşakar mənada hörmət etdiyim birinci pilot idi".

Sennadan sonra gələn və karyerası stastik anlamda ondan da öndə olan Mixael Şumaxer də müsahibəsində “Şübhəsiz ki, 1 nömrə Sennadır. 1994-cü il çempionluğunu ona vermək istərdim. Yaşasaydı, daha nələr edə biləcəkdi..." deyib. 2000-ci ildə İtaliya Qran-prisində birinci olan Şumaxer qələbə sayında Sennaya çatdı. Yarışdan sonra mətbuat konfransında bir jurnalistin “Bu, sənin üçün nəyi ifadə edir?“ cümlələrinə Şumaxer cavab verə bilmədi və ağladı.

Sennanın bu qədər sevilməsinə səbəb güclü yarış pilotu olması ilə bərabər, insani xarekterlərinin yüksək olması idi. Senna yarışların birində qəzaya uğrayan Erik Komasa kömək etmək üçün yürüşün ortasında dayanaraq öz bolidini tərk edib və onu boliddən çıxararaq ilk yardımı edib.

Zakir Abışlı

RƏY BİLDİRİN