Qadın sürücülərin “günahları”

Bugünlərdə məşhur türk ilahiyyatçı Nurəddən Yıldızın qadınlarla bağlı verdiyi fətvası qardaş ölkədə ikili reaksiya doğurdu. Bunu ciddi qəbul edən də oldu, rişxənd edən də.

“Facebook”dakı izləyicisinin sualına cavab verən ilahiyyatçı iddia edir ki, peyğəmbər qadınların 90 km-dən uzaq məsafəyə təkbaşına maşın sürməsini qadağan edib. 90 km-dən uzaq yerə yalnız məhrəm kişi ilə birgə gedə bilər. Bəs bu iddia (hipotez və ya aksiom demirəm, çünki bu terminlər sırf elm adamlarına aiddir) doğrudurmu və ya 90 km söhbəti haradan çıxıb?

İşin dini tərəfini bir kənara qoyuram, sırf tarixdən danışaq: Türkiyə, daha doğrusu Osmanlı Ali Dövləti (Osmanlı İmperatorluğu dediyimiz dövlətin rəsmi adı) Metrik Konvensiyanı 20 may 1875-ci ildə Parisdəki konfransda imzalayıb. Başqa sözlə, Fransa, Almaniya və Rusiya ilə paralel olaraq Osmanlı da Konvensiyanın quruan 12 dövlətdən biridir. Türkiyədə Metrik sistemə real keçid isə 1926-da baş tutub. Ona qədər isə 50-dək bir birinə zidd ölşü və çəki vahidi, 3 tip saat istifadə edilib. XIX əsrdə Osmanlı ərazisi olan Səudiyyə isə Metrik konvensiyanı 2011-ci ildə imzalayıb.

Belə bir sual ortaya çıxır: Görəsən, VII əsrdə ərəblərdə uzunluq ölçüsü hansı idi və möhtərəm hoca onu kilometrə neçə konvertasiya edib?

Əslində yol və qadın sürücülərə qarşı gülməli fətva verən təkcə Yıldız hoca deyil. Səudiyyəli və misirli din adamlarının qadın sürücülərə dair fətvalarını sadəcə olaraq yazmaq mümkün deyil: qeyri-etik olduğundan. Nə isə...

Vüqar YAŞAROĞLU

RƏY BİLDİRİN