“Diribaş” sürücülərə qarşı elementar fizika düsturu 

Və ya “Ağıllı radar” nədir və necə işləyir?

Belə halla yəqin ki, çoxlarınız rastlaşmısınız: yolu yaxşı tanıyan sürücülər radara çatdıqda sürəti kəskin azaldır və beləcə cərimələnmək təhlükəsi sovuşur. Radarı keçəndən sonra isə türk mahnısında deyildiyi kimi “kim tutar səni bas qaza”. Lakin bunun da sonu gəlir. 

Yeni nəsil radarlar avtomobili tanıma sistemi ilə təchiz edilib. Yəni, A məntəqəsindəki radar avtomobili ayırd edərək B məntəqəsindəki radara ötürür. Bu zaman A radarı avtomobilin sürəti normadan çox deyilsə, sürəti ümumiyyətlə qeydə almır və buna ehtiyac da yoxdur. Avtomobil B məntəqəsindəki radara çatdıqda isə onun bir nöqtədən digərinə getmək üçün sərf ertdiyi zaman hesablanaraq orta sürət çıxarılır. Yəni, klassik mexanikadakı sürət = yol/zaman düsturu polisin köməyinə gəlir. 

Praktik misal: sürücü maksimal sürət 90 km/saat olan yolda birinci radarın altından 60 km/saat sürətlə keçdikdən sonra sürəti 160 km/saata qaldırır. İkinci radara yaxınlaşdıqda isə sürəti qəflətən 85 km/saata endirir. Artıq bu fənd fayda verməyəcək. 5-ci sinfin fizika dərsliyindəki sadə düstürün İKT-yə inteqrasiyası sürücü “diribaşlığının” qarşısını almağa kifayət edir. Yəni, maksimal sürət 90 km/saat olan yolda radara düşməmək üçün sürət rejiminə tək radarın altında deyil, bütün yol boyu riayət etmək lazımdır.

Bu yaxınlarda fransızdilli mənbələrdə belə bir məlumat yayıldı. Xəbərdə göstərilir ki, yeni nəsil radarlar avtomobillər arasındakı ara məsafəsini də ölçə bilir. Sürətindən asılı olmayaraq məhkəmələr avtomobilin qarşıdakı nəqliyyat vasitəsi ilə arasındakı məsafəni ən azı 2 saniyəyə qət edilməsini tələb edir. Distansiyanı 1 saniyədən az vaxta qət etmək mümkün olduqda, bu ciddi qayda pozuntusu sayılır.

Saytların arxivlərində bu qayda pozuntusuna görə hətta 1000 frank (1700 AZN) cərimə ödənilməsinə dair xəbərlər yer alır. Məsələn, 2016-cı ildə Friburq məhkəməsi 110 km/saat sürətlə gedən avtomobilin sürücüsünü 500 frank cərimələnmişdi. Çünki hərəkət zamanı avtomobilin qarşıdakı nəqliyyat vasitəsi ilə distansiyası cəmi 9.8 metr olmuşdu.

Bəs qanunvericilik nə deyir? İstər beynəlxalq konvensiyalar, istərsə də Avropa və AZərbaycan qanunvericiliyində belə bir təlb yer alır: sürət həddi və ara məsafəsi elə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsi qəflətən dayandıqda və ya sürəti kəskin azaltdıqda qəzadan yayınmaq mümkün olsun. 

Bizcə, tələb kifayət qədər aydındır və əməl edilməsi mümkündür.

Vüqar Yaşaroğlu

RƏY BİLDİRİN