Rusiyada qəzaya uğrayan həmyerlimizin çantası oğurlandı

Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində zərər çəkən Sənubər Turabovanın sənədləri, zinət əşyaları və pulu oğurlanıb.

AutoCity.az-ın məlumatına görə, bu barədə "Report"un Rusiya bürosuna zərərçəkənin yaxınları bildirib.

"Mən Sənubər Turabovanın sənədlərini tapmaq üçün ilk öncə hadisə yerindən götürülmüş əşyalara baxdım. Əşyalar arasında onun çantasını tapa bilmədim. Təcili tibbi yardıma müraciət etdim, onlar da bildirdilər ki, bu barədə məlumatları yoxdur. Çantada sənədlər, zinət əşyaları və 300 min rubl var idi", - deyə S.Turabovanın yaxını Ayətşah Həşimov vurğulayıb.

A.Həşimov qeyd edib ki, bununla bağlı Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Xatırladaq ki, Rostovdan Bakıya gələn mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb. Hadisə zamanı mikroavtobusda 9 Azərbaycan vətəndaşı olub. Onlardan 8-i xəsarət alıb. Yaralılar yerli şəhər xəstəxanasına çatdırılıblar.

RƏY BİLDİRİN