Hemilton "Ferrari"də?

“Formula 1” üzrə altıqat dünya çempionu Lüis Hemilton karyerasını “Ferrari”də davam etdirəcəyini istisna etməyib.

AutoCity.az xəbər verir ki, “Mercedes”in britaniyalı pilotu qalibi olduğu Abu-Dabi Qran-prisində təşkil edilən mətbuat konfransında gələcəyi haqda qərar vermədiyini bildirib. 34 yaşlı sürücü hazırkı komandası ilə müqavilə müddətini uzatmaq üçün danışıqlar aparmadığını da vurğulayıb: “Hazırda “Ferrari”də 2 yaxşı sürücü çıxış edir. Amma gələn il pilot bazarında vəziyyətin necə inkişaf edəcəyini heç kim bilmir. Düzü, hələ bu barədə düşünmürəm. Arxamda qazandığım uğurlarda mənə kömək edən böyük bir komandam var. Müqaviləmə sadiqəm və sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb. Açığı, müqavilə ilə bağlı vəziyyətin yaxın 12 ayda necə inkişaf edəcəyini bilmirəm. Qəribədir ki, müqavilə ilə bağlı məsələlər müddətin sonunda deyil, bitməsinə bir il qalmış həll edilməlidir”.

“La Gazzetta dello Sport”un yazdığına görə, Hemilton “Mercedes”lə müddəti 2020-ci ildə başa çatacaq müqaviləsini yeniləməyəcək və “Ferrari”yə keçəcək. Britaniyalı pilotun bu il İtaliya komandasının prezidenti Con Elkannla 2 dəfə görüşdüyü vurğulanır. Onun və vitse-prezident Pyero Ferrarinin Hemiltonun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, daha öncə “McLaren”in heyətində yer almış Lüis Hemilton 2013-cü ildən “Mercedes”də çıxış edir.

RƏY BİLDİRİN