DYP-dən sürücü və piyadalara müraciət

Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə və piyadalara müraciət edib. 

AutoCity.az xəbər verir ki, DYP Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün axşam saatlarından ölkə ərazisində havaların kəskin dəyişəcəyinə dair məlumatı ilə əlaqədar xəbərdarlıq edib. 

Bildirilir ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər, yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik.

RƏY BİLDİRİN