Isveçrə və Azərbaycan arasındakı dəhşətli fərq

Bu günlərdə xəbər lentində bir xoş olmayan statistikaya rast gəldim. Xəbərdə deyilirdi ki, Azərbaycanda son 11 ay ərzində yol qəzaları nəticəsində 738 nəfər həyatını itirib, 1535 nəfər isə xəsarət alıb.  Cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisindəki yol-nəqliyyat hadisələri zamanı 167 nəfər ölüb, 438-i isə xəsarət alıb. Dəhşətli statistikadır. 

Buna görə də başqa bir ölkə ilə müqayisə aparmaq qərarına gəldim. 6 113 791 motorlu nəqliyyat vasitəsinə, o cümlədən 4 062 688 avtomobilə, 41 285 kv. kilometr sahəyə malik olan İsveçrə ilə. Yəni, ərazisi bizdən 2 dəfə az, avtomobil sıxlığı isə təxminən 5 dəfə çox olan ölkə ilə.

Azərbaycanda nəqliyyat vasitələrinin (NV) ümumi sayı təxminən 1,4 milyon ədəddir, başqa sözlə, 1000 adama orta hesabla 110 minik avtomobili düşür. İsveçrədə isə bu göstərici 543 ədəddir, yəni, Avropadakı göstəricidən çox. Adambaşına düşən NV sayına görə İsveçrə ənənəvi avtomobil istehsalçıları olan Almaniya, Fransa və İtaliyanı qabaqlayır.
 
İlk baxışdan belə çıxır ki, bu dağlıq ölkədə insanların günü tıxacda keçməlidir. Amma qətiyyən belə deyil. Cenevrə kimi beynəlxalq əhəmiyyətli şəhərdə belə nəqliyyat kifayət qədər rahat hərəkət edir, tıxac isə nadir hallarda baş verir. Digər maraqlı hal budur ki, İsveçrədə nəqliyyat qəzaları da az baş verir. 2018-ci ildə bu ölkədə yol qəzalarında 233 nəfər ölüb. 2017-də isə bu rəqəm 214 olub. Bəs görəsən 8.6 milyon nəfər əhalisi olan ölkə buna necə nail olub?

1970-ci ildə İsveçrədə 1 383 000 minik avtomobili vardı, başqa sözlə, bizim indiki vəziyyətimizə yaxın. Maraqlı budur ki, həmin dövrdə ölkədə ölümlə nəticələnən qəzaların sayı indikindən təxminən 4 dəfə çox olub. 1973-cü ildə qəzada ölənlərin sayı 1000 nəfərlik baryeri aşandan sonra hökumət ciddi tədbirlər görməyə başladı. Bu da ilk növbədə hərəkətin təşkilinin optimallaşdırılması və yol hərəkəti iştirakçıları arasında intizamın möhkəmləndirilməsindən ibarət idi. Cərimələrin sərtləşdirilməsi və sürücü hazırlığına tələblərin yenilənməsi də ciddi səmərə verdi. Bütün bunlarla yanaşı, əhalinin ictimai nəqliyyatdan istifadə etməsi də təşviq edildi. Sonuncu tədbir yollarda yüklənmənin azalmasına töhfəsini  verdi. Bu həvəsləndirmə bütün Avropa ölkələrində bu gün də tətbiq edilir.

Hörmətli oxucu deyə bilər ki, İsveçrə ilə müqayisə aparmaq doğrudurmu? Əminliklə deyirəm ki, bəli. Siyasi və hüquq baxımından bir çox məsələdə İsveçrəni qabaqlamışıqsa, niyə texnoloji sahədə geri qalaq?! Bir neçə fakta diqqət edək: 

İsveçrədə qadınların səsvermə hüququ 7 fevral 1971-ci ildə təsbit edilib (bizdə 1918). Qadın və kişi bərabərliyinin Konstitusiyada təsbiti üçünsə 1981-ci ili gözləmək lazım gəldi (bizdə isə 1921-ci ilin mayında qəbul edilmiş ilk Konstitutsiyamızda artıq müvafiq maddə vardı). Onlarda Federal Məclisə (parlament) ilk qadın 1984-cü ildə düşə bildi. Bizdə isə artıq 1970-ci illərdə qadınların nazir, deputat, raykom katibi olması adi hal idi. 

İnsanların gözüyaşlı qalmaması, həyatının məhv olmaması üçün çalışmaq hamımızın vətəndaşlıq borcudur. Bu borcu yerinə yetirmək üçün bir qədər diqqətli və intizamlı olmaq yetər.  O zaman hərəkət də asanlaşacaq, mənzil başına da sağ-salamat çatacağıq. Həm də indikindən fərqli olaraq, hər xırda hadisəyə görə yol polisinin müdaxiləsinə, qışın şaxtasında, yayın istisində pik vaxtlarında işıqfor olduğu təqdirdə belə polisin yol kəsişməsində hərəkəti tənzimləməsinə ehtiyac qalmayacaq. Onlar da bir övlad kimi valideynləri, ya da valideyn kimi öz övladları ilə daha çox vaxt keçirə biləcəklər. Bu da onların mənəvi hüququdur.

Vüqar YAŞAROĞLU

  • Isveçrə və Azərbaycan arasındakı dəhşətli fərq

RƏY BİLDİRİN