Ustalar avtomobil sahiblərini necə aldadırlar? - BLOQ

Bəzən avtomobil sahibləri maşınlarını servisə aparakən özləri də bilmədən bir çox lazımsız xərclərlə qarşılaşırlar. Bəzi ustalar daha çox pul qazanmaq üçün onları aldadaraq hansısa detalın sıradan çıxdığını, dəyişdirilməsinin vacibliyini, hansısa texniki xidmətin göstərilməli olduğunu bildirirlər. Bunu əlbəttə ki, bütün ustalara aid etmək olmaz. Ona görə, “bəzi ustalar” ifadəsinə üstünlük verdim.


Üç manat əvəzinə 80 manat…


Bir hadisəni nəql edim. Avtomobilimin açarı (lazer açar) bir neçə dəfə əlimdən düşsə də, heç vaxt xarab olmamışdı. Ehtiyatsızlıq səbəbindən növbəti dəfə açarı əlimdən yerə saldım. Bundan sonra avtomobilin pult vasitəsilə mərkəzi qapanması, açılması və  maşının işə salınmasında çətinlik yarandı. Belə ki, bir dəfə qapıları açıb, maşını işə salandan sonra, ikinci dəfə bu prosesi təkrarlamaq üçün təxminən 10-15 dəqiqə vaxt keçməli idi. Açarın batareyalarını dəyişdirməyin vəziyyətə təsiri olmadı. Üz tutdum paytaxtımızda “maşın bazarı” (İllər öncə burada avtomobil bazarı fəaliyyət göstərdiyidən adı belə qalıb) adlanan, ancaq içərisində yalnız avtomobil ehtiyat hissələri satılan yerə. Girişdə digər bütün dükanlardan fərqlənən, böyük, vizual gözəlliyi ilə seçilən və açarların təmiri, satışı, digər elektrik məhsularının satışı ilə məşğul olan həm mağaza, həm də servis kimi fəaliyyət göstərən obyektə daxil oldum. Ustaların işlədiyi yerin qarşısında quraşdırılmış səddin arxasından avtomobilimin açarını təqdim edərək vəziyyəti izah etdim. Açarı söküb, bir neçə dəqiqə ona baxış keçirib, müəyyən yoxlamalar edən usta, bu açarın düzəlməyəcəyini bidirdi. O, yeni açarın yığılıb, avtomobilə uyğunlaşdırılmağı, içərisinə proqram yüklənməsi və s. üçün 80 manat pul istədi. Digər usta isə 35 manata yeni proqram yükləməyi təklif etdi. Açarı daha bir ustaya göstərməyi qərara aldım. Bazarda yalnız bir nəfərin yerləşə biləcəyi, kiçik, köhnə dəmir budkada oturmuş açar ustasına yaxınlaşdım və vəziyyəti başa saldım. İşinə vicdanla yanaşan usta açarı sökəndən sonra “Səni aldadırlar”,- deyərək cəmi 4-5 dəqiqəyə onu təmir etdi. Sən demə, açarın içində birləşmələrdən birində qırılıma olub. Usta onu yapışdıraraq avtomobilin açarını təhvil verdi və cəmi 3 manat pul istədi.


Mövzuya başıma gələn bu əhvalatla başlamaqla həqiqətən də işində vicdanlı və vicdansız ustaların olduğunu bildirmək istədim.

 

 

Həm faiz, həm xidmət pulu alır, həm də köhnə detalı satırlar...

 

Sözügedən bəzi ustalar avtomobil sahibinə yeni detal aldıraraq onu xərcə saldığı bəs deyilmiş kimi, hələ avtomobilinin üzərindən çıxan, işlək detalı da başqasına satırlar. Belələri digələri ilə öncədən razılaşıb, servisə gələn avtomobilin hansı probleminin olduğunu yaxşı bildiyi halda, onu diaqnostikaya göndərir, sonra lazım olmadığı halda yaxınlıqda olan ehtiyat hissələri satılan dükandan yeni detal aldırırlar. Bu ustalar həm diaqnostika eləyəndən, həm dükan sahibindən faiz, həm avtomobil sahibindən xidmət pulu alır, həm də maşının üzərindən çıxan işlək detalı başqasına satırlar.


Bir avtomobil sahibinin kiçik bir məsələyə görə servisə gedib belə adamların əlinə düşməsi, görün, ona nə qədər baha başa gəlir. Çox vaxt avtomobil sahibləri bu qədər xərcə əsassız yerə düşdüklərindən xəbər turmurlar.


İndi isə oxucularımıza bütün deyil, bəzi işbaz ustaların avtomobil sahiblərinə ehtiyac olmadan pul xərclətdikləri bir neçə nüanslar haqda məlumat vermək istəyirəm.

 

 

Koka-kola əvəzinə yeni batareya aldırırlar...

 

Ustalar bir çox hallarda avtomobilin batareyasının (akkumlyatorunun) ömrünü bitirdiyini deyirlər. Bu, bəzən bu həqiqət olsa da, bəzən avtomobil sahinlərinə pul xərclətmək üçün bir variantdır. Çox vaxt problem naqillərin yaxşı işləməməsindən qaynaqlanır. Batareyaya bağlanan yerlərdəki hissələrdə zamanla aşınma gedir və naqillərdə karroziya yaranır ki, bu da batareyanın əvvəlki kimi avtomobilə enerji verməsinin qarşısını alır.


Bəzi insanlar bu problemi bildiyimiz koka-kola ilə həll edirlər. Belə ki, kolanı sözügedən yerin üzərinə tökməklə, karroziyanı tamamilə təmizləyirlər. Bu prosesi karoziya əleyhinə başqa maddə ilə də etmək mümkündür. Batareya yenidən şarj edilədən sonra hər şey öz qaydasında işləməyə başlayır.


Onu da qeyd edim ki, satılan batareyaları alanda əsas diqqət etməli məsələlərdən bir də onun nə qədər dükanda qalmasıdır. Mütəxəssislər bildirirlər ki, batareya istehsaldan sonra nə qədər çox piştaxtada qalarsa, gücü o qədər çox azalmış olur. Batareya alarkən onun istehsal tarixinə baxıb, bir ayı keçməmiş məhsul alınsa onun ömrü daha uzun olar. Əks halda aldığınız akkumlyatoru 6 ay və ya bir ildən sonra yenidən dəyişdirmək lazım olacaq.

 

 

Keyfiyyətli yağın 5 min km-dən bir dəyişdirilməsi düzgün deyil…

 

Yağlama mərkəzlərində ustalar əsasən avtomobilin yağlarını 5-6 min km-dən bir dəyişdirilməsinin lazım olduğunu deyirlər. Ancaq avtomobil mütəxəssisləri keyfiyyətli yağdan istifadə olunarsa, 10-12 min km-dən sonra yağ dəyişməni fikirləşmək lazım olduğunu bildirirlər.


Tez-tez yağ dəyişmək əvəzinə ən çox diqqət olunmalı amil maşının yağı azaltmamasıdır. Ustalar köhnə və çirklənmiş yağın avtomobilin mühərrikinə zərər verə biləcəyini deyirlər. Ancaq unutmaq lazım deyil ki, müasir avtomobillərdə yağ yanaraq buxarlanır. Ona görə yağın təmizliyi o qədər də önəmli deyil. Bu baxımdan yağın səviyyəsinin azalması da normal haldır. Buna görə vaxtı çatanadək yeni yağ alınıb mühərrikə əlavə olunmalıdır. Yəni keyfiyyəti yağın buxarlanması nəticəsində azalmasına görə 5 min km-dən bir dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. Bu, sadəcə avtomobil sahiblərinin əlavə xərcə düşməsidir.

 

 

Sürücülərin əyləc sisteminə ciddi yanaşmasından istifadə edirlər...

 

Bir çox sürücülər avtomobillərinin əyləc qəliblərindən (tormoz nakladkaları) gələn cızıltı səsini səsini eşidən kimi narahat olur və tezliklə maşınlarını servisə aparırlar. Ancaq bunun əsas səbəblərinin biri əyləc diskinin üzərindəki pasdır. Bu pas fırçalandıqda və ya silindikdə asanlıqla təmizlənə bilir. Bunu sürücülər özləri də edə bilərlər.

 

Əyləc qəliblərində 90 faiz aşınma olmadığı halda onun dəyişdirilməsi gərəkli deyil. Bəzi ustalar isə avtomobi sahiblərinə 50 faiz aşınma olmuş qəliblərin dəyişdirilməsinin vacibliyini deyirlər. Sürücülərin avtombilin əyləc sisteminə ciddi yanaşmasından istifadə edən işbazlar bundan daha çox pul qazanmaq üçün istifadə edirlər.

 

 

Pulsuz diaqnostikanın axırı...

 

Bəzən avtoservislərdə avtomobillərin bütünlüklə pulsuz yoxlanıldığı və diaqnostika edildiyi bildirilir. Belə bir təklif ediləndə sürücülər pulsuz olduğu üçün həmin servisə gedirlər. Bütün avtoservislərdə yox, bir çoxlarında avtomobilə baxış keçiriləndə sözügedən ustalar təmirə ehtiyacı olmayan detalların sıradan çıxdığını, problemlərin olduğunu bildirirlər. Bu sahəni yaxşı bilməyən avtomobil sahibinə lazımsız halda çoxlu pul xərclədirlər.


Bəzən ustalar hidravlika siseminin yağının və ya soyutma sisteminin suyunu dəyişdirməzsəniz, avtomobilinizdə problemlər yaranacağını deyirlər. Mütəxəssislər isə bildirirlər ki, avtomobildə belə dəyişikliyə ancaq 160 min km-lik bir yürüşdən sonra ehtiyac yaranır.

 

 

Usta işini düzgün görərsə, təkərlərin yerinin dəyişilməsinə ehtiyac olmur...

 

Bir çox hallarda isə ustalar təkərlərin yerinin dəyişdirilməsinin lazım olduğunu deyirlər. Onlar bunu təkərlərin birtərəfli aşınmasının və ya avtomobilin hansısa tərəfə çəkməsinin qarşısını almaq üçün etdiklərini bildirirlər. Əslində isə mütəxəssislər qeyd edirlər ki, əgər avtomobildə hər şey qaydasındadırsa, yəni, ustalar bu istiqamətdə işlərini düzgün görüblərsə, (razval, balans və s.) bunun təkərlərin aşınma sürətinin azalmasına, aşınmanın birtərəfli olmasının və ya maşının hansısa tərəfəsə çəkməsinin qarşısının alınmasına heç bir xeyiri yoxdur.


Müasir avtoservislərdə təmir zamanı sürücü avtomobilin yanına buraxılmır. Təkərlərin yerinin dəyişdirilib-dəyişdirilmədiyini bilmək də asan deyil. Bunun üçün isə öncədən təkərlərə işarələr qoymaq lazımdır. Avtomobildəki problem səbəbindən yan təkərlərin deyil, yalnız ön və arxa təkərlərin yeri dəyişirilməlidir.

 

 

Yağ işığının yanmasının sadə səbəbi və lazımsız qatqı maddələri...


Bəzi avtomobil sahibləri və sürücülər maşında yağın azalmasını bildirən işıq yananda qorxuya düşürlər. Onlar bu sistemi yaxşı bilmirlərsə, usta lazımsız xərclər ortaya çıxa bilər.


Əslində isə yağ işığının yanmasının sadə səbəblərinin də olması mümkündür. Məsələn, yanacaq çəninin qapağının açıq qalması və ya yaxşı sıxılmaması bu işığın yanmasının səbəbi ola bilər. Belə olanda oksigen çənin boruları vasitəsilə içəri sızır.

 

Bəzi hallarda ustalar avtomobillərin daha yaxşı işləməsi üçün qatqı maddələrindən istifadəni məsləhət görürlər. Məsələn, mühərrik, benzin çəni və ya sürətlər qutusu üçün müəyyən qatqı maddələri var. Bunlar heç də ucuz deyillər. Ancaq mütəxəssislər avtomobilə düzgün nəzarət edilsə, maşında heç bir problem yaranmasa, belə qatqı maddələrinə ehtiyac olmadığını bildirirlər.


Benzində onsuzda müxtəlif qatqı maddələri mövcuddur. Daha yaxşı yanma üçün əlavə kimyəvi qatqıya ehtiyac yoxdur. Mühərrik yağları istehsalçıları da məhsullarının daha uzun müddət işləməsi üçün müxtəlif kimyəvi qatqılardan istifadə edirlər. Bu həm də benzindən qaynaqlanan çirklilyi və buxarlanmanın qarşısını almaq üçün nəzərdə tutulub.

 

Belə ustalara aldanmamaq üçün avtomobil sahibləri və sürücülərin bu sahədə müəyyən biliklərə malik olması mütləqdir. Bu biliklər bütün hallarda onlar üçün üstünlükdür.


Elgün Vidadioğlu
AutoCity.az 

 

RƏY BİLDİRİN