Yol qəzaları: Piyadaların günahı nə?

Son günlər xəbər saytlarının baş məqalələri qanqaraldan xəbərlərə aid olur. Bu qanıqaraçılıq da əsasən piyada vurulmaları ilə bağlıdır. Adətən bu tip xəbərləri oxumasam da, məsələyə biganə qala bilmədim.

Şəxsi avtomobilim olmadığı və evdən səhər qaranlıq vaxtı çıxdığım üçün müşahidə aparmaq imkanım da çoxdur. Piyadaların və sürücülərin qəza vəziyyəti yaratmalarını da hər gün görürük. Belə bir sual ortaya çıxır: yol infrastrukturu güngən-günə təkmilləşdiyi bir dövrdə nə üçün piyadaların xəsarət almaları və ölümü ilə nəticələnən qəzalar artır? Axı məntiq bunun əksinin olmasını iddia edir! Deməli, başqa səbəb var.

Bu günlərdə Şəhidlər Xiyabanı ətrafında maraqlı situasiyaya şahid oldum: yolu hərəkətin ən gur yerindən keçən ata və oğul özlərini avtomobildən qorumaq üçün yol dairəsindəki bayraq dirəkləri quraşdırılmış torpaq hissəyə çıxmağa məcbur oldular. Hadisəyə yaxından keçən PPX avtomobili müdaxilə etdi. Bu da bir neçə dəqiqə ərzində ləngiməyə səbəb oldu.

Əlbəttə, polisin vətəndaşın köməyinə gəlməsi normal haldır, amma bu situasiyada köməklə yanaşı cərimə də yerinə düşərdi. Başqa ölkədə bu cür qayda pozanı polis mütləq cərimələyərdi. Çünki sözügedən ərazidə 2 piyada keçidir var. Həm də çox təhlükəsiz ərazidə. Piyada keçidində yol hərəkəti iştirakçısının vurulması da maraqlı haldır. Bunun da təqsiri çox zaman piyadalarda olur.

Söhbət etdiyim insanların çoxu elə başa düşür ki, keçid varsa gözüyumulu keçmək olar, sürücü də avtomobili dərhal dayandırmağa borcludur. Halbuki, yeri gəldikdə piyada da avtomobilə yol verməlidir. Təmasda olduğumuz sürücülər də çox vaxt şəhər daxilində sürət həddini aşdıqları üçün keçidə çatdıqda dayana bilmirlər.

Nəhayət, problemin ən böyüyünü soyuq aylarda hamımız görürük. Əhalimiz qara geyməyi sevdiyi üçün gecə vaxtı piyadanı görmək qaranlıqda qara pişik axtarmağa bənzəyir. Çox vaxt isə sürücü piyadanı cəmi bir neçə addım qaldıqda görür ki, bu zaman da qəzadan yalnız fizika qanunlarını dəyişməklə yayınmaq mümkün ola bilər. Bu da hələ heç kimə müəssər olmayıb.

"Bəs qəzaların qarşısını almaq üçün nə etmək olar?" sualının da cavabı çox çətin deyil: həm piyadalar, həm də sürücülər intizamlı və diqqətli olmalıdırlar. Yolda nizam intizam yaratrmaq təkcə polisin işi deyil. Ümumiyyətlə, vətəndaşlar kömək etməsə, yol polisi işin öhdəsindən təkbaşına gələ bilməz. Bu, dünyanın istənilən ölkəsində belədir. Bəlkə, nizam-intizam yaratmağa özümüzdən başlayaq?!

Vüqar YAŞAROĞLU

P.S. Strasburqda belə bir maraqlı hadisənin şahidi oldum: Yol boş olsa da, piyadalar üçün qırmızı işıq yandığı üçün yerli sakinlər yolu keçmirdi. Bu zaman arxadan gələn 3 nəfər bir anlıq tərəddüd etdi və aralarından bir nəfər dedi: “fransızlar beklesin, biz geçelim”.

RƏY BİLDİRİN