Hemilton Messi ilə eyni mükafatı aldı

"Laureus World Sports Awards" mükafatının sahibləri müəyyənləşib.

AutoCity.az-ın məlumatına görə, bu mükafata İspaniya "Barselona"sının futbolçusu Lionel Messi və "Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton sahib çıxıb. Messi və Hemiltondan əlavə, tennisçi Rafael Nadal, qolfçu Tayger Vuds, atlet Eliud Kipçoqe və motoyürüşçü Mark Markes də namizəd olub.

Argentinalı hücumçu 2019-cu ildə 6-cı dəfə "Qızıl top" qazanaraq, bu göstəricidə rekordçu olub. Hemilton isə 6-cı dəfə "Formula 1" üzrə dünya çempionluğu qazanıb.

Qeyd edək ki, "Laureus World Sports Awards"ı 1999-cu ildə bir neçə baş tərəfdaş - biznes dünyasının məşhur şirkətlərinin iştirakı ilə beynəlxalq fondlar təsis edib. Birinci mərhələdə namizədləri idman mətbuatı seçir. Sonra isə ötən illərin məşhur idmançılarından ibarət 50 üzv arasında səsvermə keçirilir.

RƏY BİLDİRİN