Təhlükəsizlik kəmərinin faydası varmı?

Bu məsələyə təkrar müraciət etməyimə səbəb yaxın dostumun may ayı ərzində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 3 dəfə (başqa sözlə hər həftə) cərimələnməsi oldu. Onun da “dəlilləri” digər sürücülərdən fərqlənmirdi: darıxıRam, narahat oluram, paltar qırışır, qəza anında özümü saxlaya bilərəm, başqasına ziyan vermirəm və s. Bu dəlillərin nə dərəcədə əsaslı olduğunu bilmək üçün əvvəlcə tarixə ekskursiya edək...

Təhlükəsizlik kəməri təxminən 70 ildir avtomobillərin ayrılmaz detalına çevrilib. “Volvo PV 544” avtomobili isə tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşdü. Bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə, son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir (inersion kəmərlər), sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi.

Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də, kəmər 120 il əvvəl istehsal olunsaydı, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi. 

Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin “Volvo” şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu, həm də istifadəsi çox asan bir sistem olmalı idi. 
Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri sınaq məqsədi ilə 1949-cu ildə “Volvo PV 544” və “Volvo Amazon” modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı. 

Əlbəttə, yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət etdilər (indi də bəhanələr dəyişməyib). Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını qavramağa başladılar.

1963-cü ildə “Volvo” ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı. “Volvo”nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki təhlükəsizlik kəməri travma riskin 50-60% azaldıb. 1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

0,2 saniyəyə baş verən faciə

Fransız ekspert Kristian Jerondo təhlükəsizlik kəməri taxılmayan avtomobildə 80 km/saat sürətdə qəza anını belə təsvir edir: 

- 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
- 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
- 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır;

- 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
- 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;
- 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
- 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
- 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
- 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
- 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.

Bütün bu hadisələr saniyənin 1/20 müddətində baş verir. Bu qədər böyük zərbə və güc yaranan yerdə hansısa sürücünün özünü saxlaya bilmək barədə iddiaları sadəcə gülüncdür. Fizika qanunlarını hələ ki heç kim ləğv etməyib. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzərinə düşən zərbə də həndəsi silsilə ilə artır.

Kəmər taxaqmı?
Əziz sürücü və sərnişinlər. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5 dəfə, üzbəüz toqquşma zamanı 2,3 dəfə, yandan zərbə zamanı isə 1,8 dəfə azalır. 

İctimai məsuliyyət 

Bəzi sürücülər iddia edirlər ki, kəmər taxmamaqla qəza zamanı yalnız özlərinə ziyan vururlar. Lakin ekspertlər başqa cür düşünürlər: qəza zamanı özünüqoruma instinkti işə düşür və sürücü yalnız nədənsə möhkəm yapışıb salamat qalmaq barədə düşünür. Kəmər taxmış sürücü isə yerindən tərpənmədiyi üçün sükana hakim ola bilir. Bununla da özü ilə yanaşı sərnişin və piyadaların da həyatını xilas etmək şansı artır. 

Vüqar YAŞAROĞLU 

P.S. Bütün avtomobil yarışlarında təhlükəsizlik kəmərindən istifadə məcburidir. Həm də 3 deyil, 5 nöqtədən bərkidilən. İndi siz deyin: Hansı azərbaycanlı sürücü Valdimir Çaqindən, Mixael Şumaxerdən, Fernando Alonsodan daha peşəkardır? Sual ritorikdir.

 

RƏY BİLDİRİN