Elektromobil XXI əsrin məhsuludurmu? - FOTOLAR

Son dövrlərdə elektrik dartqılı avtomobilllərə marağn artması təbiidir. Ekoloji problemlər bu nəqliyyat vasitələrinin hazırlanmasını sürətləndirməyi tələb edir.

Bəs niyə indi? Axı elektrik mühərrikinin tarixi daxili yanma mühərrikindən (DYM) daha qocadır. İlk elektrik mühərriki 1834-cü ildə amerikalı ixtiraçı Tomas Devenport tərəfindən layihəlləndirilib. O, eyni ildə elektrik mühərrikli lokomotivin də maketini hazırlayıb. 1842-ci ildə isə şotlandiyalı Robert Devidsonun “Galvani” adlı lokomotivi Edinburq-Qlazqo xətti ilə 6.4 km/saat sürətlə hərəkət edir.

Bunlar indiki elektromobillərin əcdadlar idi. Benzin mühərriki isə nisbətən gec, 1861-ci ildə layihələndirilib. Bəs necə oldu ki, DYM elektrik mühərrikini qabaqladı? Səbəb sadədir: həmin dövrdə istehsal edilmiş qurğuşun akkumulyatorlar çox ağır idi və tez boşalırdı. Məsələn, 1898-ci ildə layihələndirilmiş “Jamais Contente” adlı elektromobilin kütləsi 1450 kq idi ki, bunun da 700 kq-nı akkumulyatorlar təşkil edirdi.

Yeri gəlmişkən, belçikalı mühəndis Kamilo Jenatzinin hazırladığı bu elektromobil 100 km/saat sürət baryerini keçən ilk nəqliyyat vasitəsi olub. 1899-cu ildə sınaq zamanı elektromobil 105 km/saat nəticə göstərib. “Jamais Contente” fransız dilindən tərcümədə “həmişə narazı” mənasını verir. İndi isə mühəndislər akkumulyatorları yüngülləşdirməyə və ömrünü uzatmağa nail olublar. Bu da irəliyə doğru addımdır. Lakin bir məsələni də yaddan çıxarmayaq: son dövrlərdə yerli saytlarda tezbazar elektromobilə və ya hibrid texnologiyaya keçərək ekologiyanı qorumağa çağırışlar səsləndirilir. Bu yanaşma başa düşülən olsa da, məsələyə birtərəfli yanaşma doğru deyil.

Artıq avropalı ekoloqlar bu nəqliyyat vasitələri ilə bağlı həyəcan təbili çalırlar. Onların fikrincə vaxtında tədbir görülməsə 5-6 ildən sonra bütün ölkələrdə akkumulyator zibillikləri yaranacaq. Akkumulyatorların utilizasiyası isə bahalı və az məhsuldar proses olduğu üçün şirkətlər buna çox da maraqlı görünmür. İkinci ən böyük məsələ: elektromobilin sərf etdiyi eletrikin istehsalı zamanı nə qədər yanacaq sərf olunur? Buna görə də, Azərbaycan hökumətinin elektromobilə keçidlə bağlı təmkinli davranışı başadüşülən və təqdirəlayiqdir.

Ədalət naminə qeyd edək ki, artıq Dənizkənarı Milli Parkda, İçərişəhərdə və digər tarixi məkanlarda elektromobillər normaya çevrilib. Bu səssiz və qənaətcil vasitələrin söügedən məkanlara “inteqrasiyası” kifayət qədər uğurlu alınıb.

QEYD: Fotoda 1899-cu ildə Parisdə quraşdırılmış elektrik yükləmə stansiyası təsvir edilib. Sürücü bura jeton atdıqdan sonra kabeli elektromobilin korpusundakı ştekerə birləşdirir və müvafiq amperajı seçir (25-80A). Yəni, indiki yükləmə stansiyasından yalnız dizayna görə fərqlənir.

Vüqar YAŞAROĞLU

  • Elektromobil XXI əsrin məhsuludurmu?- FOTOLAR
  • Elektromobil XXI əsrin məhsuludurmu?- FOTOLAR
  • Elektromobil XXI əsrin məhsuludurmu?- FOTOLAR
  • Elektromobil XXI əsrin məhsuludurmu?- FOTOLAR

RƏY BİLDİRİN