"Formula 1" avtomobilləri barədə bir neçə fakt  

Son 10 ildə "Formula 1" yarışlarında istifadə edilən avtomobillərin texniki parametrləri demək olar eynidir. Bunun da səbəbləri məlumdur: markalar fərqli olsa da, detalların əksəriyyətini 3-4 firma hazırlayır. Başqa sözlə, eyni firma bir neçə şirkətə parametrləri çox da fərqlənməyən detallar satır. 

AutoCity.az avtomobillərin sürət rejimini araşdırıb. Texniki jurnallardakı materiallarda göstərilir ki, "F1" bolidlərinin hamısının sürət rejimi demək olar ki eynidir. Məşhur pilot Mixael Şumaxerin təbirincə desək, bütün avtomobillər mükəmməl, bütün pilotlar peşəkardır. Ortaq sürətlənmə göstərici isə belədir:
 
0-100 km/saat – 1,7 san
0-200 km/saat -  3,8 san.
0-300 km/saat – 8,6 san. 

Avtomobillərin maksimal sürəti isə təxminən 340 km/saat təşkil edir.

Bu cür çevik avtomobilləri saxlamaq üçün sanballı tormoz sistemi də olmalıdır. Bolidlərin tormoz yolu kifayət qədər qısadır. 

Standart avtomobillərdə bu göstəricini əldə etmək mümkün deyil. 100 km/saat sürətlə hərəkət edən bolidi tam dayandırmaq üçün 1,4 saniyə zaman və 17 metr yol kifayətdir. 

200 km/saatdan tam dayanmaya qədər 2.9 saniyə və 55 metr bəs edir. Maksimal sürətlə hərəkət zamanı isə dayanmaq üçün cəmi 4 saniyə tələb olunur. 

Tormozlama və sürətlənmə zamanı pilotun üzərinə düşən ağırlıq qırıcı təyyarədən daha yüksəkdir. Belə effektli tormozlama həm də mükəmməl aerodinamika sayəsində təmin olunur ki, bu da ayrı söhbətin mövzusudur. 

Bəs bu avtomobilərdən gündəlik həyatda istifadə etmək mümkündürmü? Bu barədə növbəti yazıda...

Vüqar YAŞAROĞLU

RƏY BİLDİRİN